AR Prezidenti, cənab İlham Əliyevin 3 may 2019-cu il tarixdə imzaladığı, və 24 may 2019-cu il tarixdə dərc edilərək qüvvəyə minən “Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində və Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.4-cü maddəsinin birinci cümləsinə “cəmiyyət” sözündən sonra “(mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla)” sözləri əlavə edilmişdir.AR Mülki Məcəlləsinin 91.4-cü maddəsinin əvvəlki redaksiyasına əsasən isə, məhdud məsuliyyətli cəmiyyət illik maliyyə hesabatının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməli idi (kənar audit).Əks halda bu hal məcburi auditdən yayınma kimi qiymətləndirilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən inzibati cəriməyə səbəb olurdu. Belə ki, İXM-nin həmin maddəsinə əsasən, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə cərimə edilir.“Auditor xidməti haqqında” Qanunun 2-ci maddəsinə əsasən isə, qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburidir.Bizim halda auditin məcburi edən qanunun norması Mülki Məcəllənin 91.4-cü maddəsidir və bu maddəyə edilmiş yeni dəyişiklik mikro və kiçik sahibkarlıq subyektini bu məcburi auditdən azad edir.Belə ki, bu gün dərc edilən qanunla məcburi audit tələbi bütün məhdud məsuliyyətli cəmiyyətlərə deyil, yalnız orta və iri sahibkarlıq subyektlərinə şamil ediləcəkdir. Başqa sözlə, mikro və kiçik sahibkarlıq subyektləri yuxarıda qeyd edilən məqsəd üçün hər il məcburi qaydada müstəqil auditor (kənar audit) cəlb etməkdən azad olunurlar.